Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 1.9673, TRY 0.2937, RUB 0.0259, CNY 0.2455, GEL 0.6379, GBP 2.2346, IRR 0.0040, JPY 1.5174, XAU 2084.2170, XAG 24.9400, XPT 1431.4510, XPD 1845.0525
(Azərbaycan) Əhliman Abbasov. Xoşbəxtlik indeksi və dünyadakı vəziyyət
Среда Октябрь 12th, 2016
1
20121223000360_0

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Təxminən ötən əsrin 70-ci illərindən etibarən xoşbəxtlik mövzusu iqtisad elminin yeni və maraq doğuran araşdırma obyektlərindən biri olmuşdur. Bu istiqamətin tədqiqi ilk olaraq amerikan iqtisadçısı Riçard İsterlinin adı ilə bağlıdır. Məhz onun 1974-cü ildə iqtisadi inkişaf və xoşbəxtlik arasındakı əlaqəni araşdıran məqaləsi müasir xoşbəxtlik iqtisadiyyatının başlanğıcı hesab olunur. Eyni zamanda, İsterlinin bu araşdırmasında gəldiyi nəticə, sonralar “İsterlin paradoksu” adlanan fenomen bu istiqamətin sonrakı inkişafına və tədqiqat predmetinə ciddi təsir göstərmişdir. Sonralar aparılan araşdırmaların əksəriyyətində bir qayda olaraq bu məqalənin əldə etdiyi nəticə müxtəlif aspektlərdən izah edilməyə çalışılmışdır. İlk öncə qeyd edək ki, xoşbəxtliyin bir anlayış kimi iqtisad elminin tədqiqat hədəfinə çevrilməsi, iqtisadi göstərici kimi ölçülməsi müxtəlif dövrlərdə cəmiyyətin və insanların rifahının daha dolğun kriteriyasının müəyyən edilməsi ətrafında olan müzakirələrdən ortaya çıxmışdır. İnsanların rifahının ölçülməsində, müqayisə edilməsində mərkəzi rol alan Ümum Daxili Məhsul ölçüsünün qeyri-təkmilliyi və natamamlığı bir çox iqtisadçıların və ictimai xadimlərin uzun dövrlər müdafiə etdiyi fikir olmuşdur. Robert Kennedi bu barədə məşhur çıxışında deyirdi: “… bir sözlə, ÜDM həyatı dəyərli edən nəsnələrdən başqa hər şeyi ölçür”. Bu ilin Davos forumunda Nobel mükafatlı iqtisadçı Cozef Stiqlitz də ÜDM-in fərdlərin rifahını ölçmək üçün uyğun ölçü olmadığını qeyd etdi. Doğrudur, xoşbəxtliyin bir iqtisadi və sosial göstərici kimi ölçülməsi üsulu, özündə ifadə etdiyi informasiya bunu ÜDM meyarının birbaşa alternativi etmir. Çünki xoşbəxtliyin ölçülməsi ÜDM və buna bənzər digər ölçülərdən fərqli olaraq obyektiv yox məhz subyektiv qaydada, yəni müəyyən olunmuş sayda respondentlərin subyektiv cavabları əsasında həyata keçirilir. Bunun üçün də xoşbəxtlik iqtisadiyyatında çox zaman “xoşbəxtlik” ifadəsinin əvəzində “subyektiv xoşbəxtlik” terminindən istifadə olunur. Ancaq geniş və əhatəli məlumatlar əsasında hazırlanan dolğun “subyektiv xoşbəxtlik” ölçüsü gəlir bərabərsizliyi, inflyasiya, işsizlik kimi iqtisadi faktorların, ekoloji çirklənmə və iqlim dəyişikliyinin, idarəçiliyin və institusional şərtlərin insanların gündəlik və uzunmüddətli rifah səviyyəsinə təsirlərinin empirik araşdırmasında önəmli rol oynaya bilər. Bu araşdırmaların nəticələri də cəmiyyətin rifahının yüksəldilməsində məsul olan iqtisadi və siyasi idarəçilər üçün iqtisadi və siyasi addımların qiymətləndirilməsində önəmli vasitə ola bilər.

“İsterlin paradoksu” və xoşbəxtliyə təsir göstərən amillər

İsterlin paradoksu gəlir və xoşbəxtlik göstəricisinin artımı arasındakı əlaqəni, əslində əlaqəsizliyi ifadə edən konseptdir. Riçard İsterlin 1974-cü ildəki məqaləsində ABŞ nümunəsini araşdıraraq, adambaşına düşən ÜDM artımının ölkənin ümumi xoşbəxtlik səviyyəsinin artımına təsir göstərmədiyini təqdim etmişdir. Əslində, həm İsterlinin həmin araşdırmasında, həm də digər başqa işlərdə gəlir artımının xoşbəxtlik səviyyəsinə pozitiv təsiri fərdi səviyyədə aşkarlanmışdır. İsterlinin ABŞ üzrə aparılan həmin araşdırmasında zənginlərində kasıblara nisbətən daha yüksək subyektiv xoşbəxtlik göstəricisi qeyd alındığını təqdim edir. Lakin, müəllif həm də göstərir ki, 1946-1970-ci illər arasında ABŞ-da adam başına düşən gəlirin iki dəfə artmasına baxmayaraq, ölkə üzrə orta xoşbəxtlik göstəricisi eyni səviyyədə qalmışdır. Sonralar bu paradoksal nəticə digər ölkələr üzərində aparılan tədqiqalarda da qarşıya çıxmışdır. Riçard Layard, Blançflauer, Osvald kimi tədqiqatçılar tərəfindən Böyük Britaniya, Fransa, Almaniya kimi ölkələrin nümunəsində də adambaşına düşən gəlir artımının ümumi xoşbəxtlik göstəricisinin səviyyəsinə təsir göstərmədiyi müəyyən edilmişdir. Riçard İsterlin özünün 1995-ci ildəki məqaləsində isə Yaponiyada 1958-ci ildən 1991-ci ilə qədər adambaşına düşən ÜDM-in beş dəfə artmasına baxmayaraq, ölkə üzrə ümumi xoşbəxtlik səviyyəsinin dəyişmədiyini təqdim edir.

Qeyd etdiyimiz kimi, ilk olaraq Riçard İsterlinin təsbit etdiyi, onun adı ilə bağlı olan bu paradoks xoşbəxtlik iqtisadiyyatının sonrakı inkişaf istiqamətinə ciddi təsir göstərmişdir. Bir çox tədqiqatçılar subyektiv xoşbəxtlik ölçüsünə təsir göstərən digər meyarları da müəyyən edərək, həmin meyarlar üzərindən bu ziddiyəti əsaslandırmağa çalışmışlar. Bir qrup araşdırmaçılar isə iddia edirlər ki, adam başına düşən gəlir artımı subyektiv xoşbəxtlik göstəricisinin artımına təsir göstərir; lakin, müəyyən gəlir səviyyəsindən sonra bu təsir ya aradan qalxır, ya da azalır. Məsələn, İnqlehart 2000-ci ildəki yazısında10,000 dollar səviyyəsinə qədər olan gəlir artımının xoşbəxtliyin artımına pozitiv təsir göstərdiyini qeyd edir. Bu həddən sonrakı gəlir artımı ilə xoşbəxtlik səviyyəsi arasında isə çox zəif əlaqə olduğunu göstərir. Bu yanaşmanın müdafiəçiləri hesab edirlər ki, ÜDM-in artımı da müəyyən kritik həddən sonra ölkələrin ümumi xoşbəxtlik səviyyəsinə təsir göstərmir. Bu istiqamətin ən məşhur təmsilçilərindən biri də iqtisad üzrə sonuncu Nobel mükafatı laureatı Anqus Ditondur. Diton və Kahneman ortaq araşdırmalarının nəticəsində kritik hədd kimi 75000 dolları hesab edirlər. Müəlliflər bu miqdardan yuxarı illik gəlirin xoşbəxtlik səviyyəsinin müəyyənləşməsində əhəmiyyət daşımadığını qeyd edirlər. Diton və Kahneman həm də qeyd edirlər ki, 75000 dollar illik gəlirdən aşağı qazanan insanların həyatlarında ailə, sağlamlıq, iş sahəsindəki çətinliklər onların xoşbəxtlik səviyyələrinə illik 75000 dollardan çox qazananlara nəzərən daha ağır təsir göstərir.

İsterlin paradoksunu əsaslandırmaq üçün irəli sürülən arqumentlərdən biri də subyektiv xoşbəxtlik səviyyəsinin mütləq gəlirlərlə yanaşı nisbi gəlirlərdən də təsirlənməsidir. İsterlinin özü də 1974-cü ildəki məqaləsində xoşbəxtlik səviyyəsinin nisbi istehlak səviyyəsindən təsirləndiyini qeyd edir. Yəni, fərdin istehlakının həcminin ətrafdakıların istehlakının həcminə olan nisbəti onun subyektiv xoşbəxtlik səviyyəsinə təsir göstərə bilər. Bu baxımdan, İsterlin qeyd edir ki, hər kəsin gəlirlərinin artması nisbi gəlirləri yaxud da nisbi istehlakı sabit saxladığından ümumi xoşbəxtlik səviyyəsinin də dəyişməz qalması mümkündür.

Bu tezisə müəyyən qədər yaxın araşdırma istiqamətlərindən biri də gəlir bərabərsizliyinin xoşbəxtlik səviyyəsinə olan təsirləridir. Bir qrup müəlliflər ABŞ nümunəsində intihar hadisələrini xoşbəxtlik səviyyəsinin müəyyənedicisi kimi götürərək apardıqları tədqiqatda gəlir bərabərsizliyi ilə intihar halları arasında sıx bağlılıq aşkarlamışlar. Oxşar istiqamətli digər araşdırmalarda gəlir bərabərsizliyinin xoşbəxtlik səviyyəsinə olan təsirləri barədə fərqli nəticələr ortaya çıxmışdır. Alesina, Di Tella və MakKullox apardıqları araşdırmada Avropa üçün gəlir bərabərsizliyinin xoşbəxtlik səviyyəsinə neqativ təsirini aşkarlamışlar, lakin eyni nəticə ABŞ üçün əldə olunmayıb. Müəlliflər qeyd edir ki, Avropadakı insanlar cəmiyyətdəki bərabərliyi amerikalılarla müqayisədə daha üstün tuturlar. Bu istiqamətdə Qrehem və Felton 2005-də Latın Amerikası ölkələri nümunəsində apardıqları tədqiqatda isə cəmiyyətdəki gəlir bərabərsizliyinin kasıb təbəqənin xoşbəxtlik səviyyəsinə neqativ, zənginlərin xoşbəxtlik səviyyəsinə isə pozitiv təsirini müəyyən ediblər. Qrehem və Feltonun araşdırmasında gəlir bərabərsizliyi ilə yanaşı, irqi, gender və başqa bu kimi bərabərsizliklərin də xoşbəxtlik səviyyəsinə neqativ təsiri qeyd olunur. Qeyd edək ki, yuxarıda sadalanan iqtisadi faktorlardan əlavə olaraq, qeyri-iqtisadi faktorların da xoşbəxtlik səviyyəsinə təsiri barədə geniş araşdırmalar aparılmışdır. Frey və Ştutzer kimi bir çox müəlliflər ölkələr üzrə demokratiyanın, siyasi, iqtisadi və fərdi azadlıqların genişliyinin, ictimai institutların şəffaflıq səviyyəsinin də subyektiv xoşbəxtlik göstəricisi ilə pozitiv əlaqəsini göstərmişdir.

Xoşbəxtlik iqtisadiyyatı istiqamətindəki araşdırmalardan bəziləri isə inflyasiya və işsizlik göstəricilərinin xoşbəxtlik səviyyəsini olan təsirlərini öyrənir. Aydındır ki, hər iki iqtisadi fenomen ümumi xoşbəxtlik səviyyəsinə neqativ təsir göstərir. Ancaq aparılan tədqiqatlar göstərir ki, işsizlik səviyyəsinin inflyasiya göstəriciləri ilə müqayisədə xoşbəxtlik səviyyəsinə neqativ təsiri daha güclüdür. DiTella, MakKullox və Osvald apardıqları araşdırmada göstərirlər ki, işsizlik səviyyəsinin 1 faizlik artımı inflyasiya səviyyəsinin 1 faizlik artımı ilə müqayisədə xoşbəxtlik səviyyəsini 1,66 dəfə daha çox azaldır. Volfers də 16 Avropa ölkəsi üzrə 500,000 insanın sorğusundan əldə olunan məlumata əsaslanan tədqiqatında inflyasiya və işsizliyin umumi xoşbəxtlik səviyyəsini azaldtığını qeyd edir. Lakin, öncəki nəticədən fərqli olaraq Volfers hesab edir ki, 1 faiz işsizlik səviyyəsi xoşbəxtlik səviyyəsini 1 faiz inflyasiya səviyyəsindən 5 dəfə daha çox azaldır. Xoşbəxtlik iqtisadiyyatında bu istiqamətdəki əldə olunan araşdırma nəticələri iqtisadi siyasəti müəyyən edənlər üçün inflyasiya-işsizlik dilemmasında qərar qəbulu üçün köməkçi vasitə ola bilər.

Qlobal xoşbəxtlik hesabatı

Qlobal xoşbəxtlik hesabatlarında ölkələrin sıralamasını nəzərdən keçirsək, xoşbəxtlik səviyyəsinə təsir göstərmək imkanı olan amillərin təsirlərini daha aydın şəkildə sezmək mümkündür. Bu hesabatlardan daha dolğunu 2012-ci ildən etibarən BMT-nin dəstəklədiyi “Sustainable Develoment Solutions Network” tərəfindən “Gallup World Poll” sorğu mərkəzinin topladığı məlumatlar əsasında hazırlanan dünya xoşbəxtlik hesabatıdır. 2015-ci ildə açıqlanan son hesabatdakı xoşbəxtlik səviyyəsi sıralamasında ilk onluğu İsveçrə, İslandiya, Danimarka, Norveç, Kanada, Finlandiya, Hollandiya, İsveç, Yeni Zenlandiya və Avstraliya təşkil edir.

İsveçrə uzun ömürlülük səviyyəsinə, yüksək gəlirlərə və yüksək insan inkişafı amilinə görə sıralamada ilk sırada dayanır. İsveçrənin, eyni zamanda, birbaşa demokratiyanın tətbiqinin ən yaxşı nümunələrindən biri olması da burada təsiredici amillərdən biridir. İslandiya isə çox yüksək məşğulluq və 100 faiz savadlılıq səviyyəsi ilə bu sıralamda ikincidir. İslandiya həm də gender bərabərliyinin uğurla həyata keçirildiyi modellərdən biridir. Siyahıda üçüncü sırada olan Danimarka da gender bərabərliyi, işçi haqqları, vətəndaşlar üçün pulsuz səhiyyə və təhsil kimi faktorların təsiri ilə yüksək xoşbəxtlik indeksinə malikdir. Norveç isə özünün yüksək məşğulluq, əmək haqqı, mənzil sahibi olma, ətraf mühit şəraiti, səhiyyə və təhlükəsizlik göstəricilərinə görə bu sırada dördüncüdür. İlk beşlikdəki ölkələrdən biri olan Kanada isə dünyanın ən azad ölkəsi hesab olunur. Qeyd olunur ki, bu ölkədə əhalinin 70 faizdən artığı mənzil və avtomobil sahibidir. Pulsuz səhiyyə, yüksək sağlamlıq səviyyəsi, sosial müdafiə, gender və yaş bərabərliyi amilləri də Kanadanın yüksək xoşbəxtlik indeksinin səbəbləridir.

screen-shot-2016-10-12-at-18-45-24

screen-shot-2016-10-12-at-18-45-46

Sıralamada son 20-likdə isə müharibə və terrordan əziyyət çəkən Suriya və Əfqanıstanla yanaşı Afrikanın Saxara və Sub-Saxara bölgəsindəki ölkələr yer alır. Nikaraqua və Zimbabve 2012 və 2014-cü illər arasında xoşbəxtlik səviyyəsində ən yüksək artım müşahidə olunan ölkələrdir. Xoşbəxtlik indeksində ən böyük geriləmə isə iqtisadi böhranın gətirdiyi səbəblərdən Yunanıstanda qeydə alınmışdır. Ən böyük geriləmənin baş verdiyi digər ölkələr isə Misir, İtaliya və Səudiyyə Ərəbistanıdır.

Qeyd olunduğu kimi, maliyyə böhranın doğurduğu makroiqtisadi amillərin təsirilə Yunanıstan, İspaniya, İtaliya böhran öncəki dövrlə müqayisədə xoşbəxtlik indeksində ən çox geriləmə müşahidə olunan 10 ölkədən 3-üdür. Lakin, maraqlıdır ki, maliyyə böhranından ən ciddi zərbə alan ölkələrdən olan İrlandiya və İslandiyada isə xoşbəxtlik indeksinin səviyyəsində cüzi eniş baş vermişdir. Məhz, sosial və institutsional faktorlar bu ölkələrdə iqtisadi böhranın xoşbəxtlik indeksinə olan neqativ təsirini əhəmiyyətli dərəcədə önləmişdir. Digər tərəfdən, soyuq iqlimli ölkələrin bir qayda olaraq daha yüksək xoşbəxtlik səviyyəsinə malik olması faktı da maraqlı və araşdırmaya açıq mövzulardan biridir.

Əhliman Abbasov, UNEC, Beynəlxalq İqtisadiyyat kafedrası

 

 


  1. Əhliman müəllim, dünya üzrə aktual mövzuda faydalı araşdırmaya görə təşəkkür edirəm.

    Əslində dünyada hazırda həll olunası ən mühim problemlərdən biri də məhz insanların xoşbəxtliyi problemidir. Təbii ki, bu iqtisadi faktorlarla bağlıdır. İnsanların rifah səviyyəsi nə qədər yüksəldikcə, onların həyat standartları nə qədər yüksəldikcə, xoşbəxtlik indeksləri də yüksəlir. Çünki bütün dünya insanların ortaq bir cəhəti var — hər kəs yüksək rifah istəyir. Lakin bu yüksək rifahın təmin edilməsində dünyada problemlər böyükdür.

Оставьте ответ

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Перейти к верхней панели