Hörmətli həmkarlar,

rektor

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov

Neftin bir barrelinin dünya bazar qiymətinin 2014-cü ilin iyun ayında 115 ABŞ dollarından hazırda artıq 40 dollardan da aşağı düşməsi neft ixrac edən ölkələri bir sıra yeni çağırışlarla üz-üzə qoyur. Neftin Azərbaycan iqtisadiyyatında rolunu nəzərə alaraq iqtisadiyyatının diversifikasiyası istiqamətində həyata keçirilmiş tədbirlərin nəticəsində ölkə iqtisadiyyatı dinamik inkişaf etmiş, ÜDM son 10 ildə 3 dəfədən çox artmışdır. Bütün bunlar ölkəmizin gələcəkdə də dayanıqlı iqtisadi inkişafını təmin edəcək və əsas istiqamətləri “AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ” İnkişaf Konsepsiyasında əks olunmuş İlham Əliyev strategiyasının nəticəsidir.

Neftsiz iqtisadi inkişaf modeli gündəlikdə duran əsas məsələlərdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 8 avqust 2015-ci il tarixində Siyəzən rayonunda yeni turizm obyektinin açılışındakı nitqində neftin dünya bazarlarında kəskin ucuzlaşmasına toxunaraq qeyd etmişdir ki, “Biz nefti və qazı bir kənara qoymalı, ümumiyyətlə onları unutmalıyıq. Və gün gələcək ki, neftin qiyməti bizim üçün heç bir əhəmiyyət kəsb etməyəcək.”

Azərbaycanın post-neft iqtisadiyyatının formalaşdırılması tapşırığı iqtisadçılar qarşısında ciddi vəzifələr qoyur.

Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yeni layihəyə – iqtisadçı alimlərin və praktiklərin “DİSKURS.AZ” virtual iqtisadi forumu layihəsinə start verir. Layihənin məqsədi ən aktual iqtisadi məsələlərin müzakirəsini təşkil etmək üçün Azərbaycanın, və eləcə də tanınmış xarici iqtisadçıların bir araya gələ biləcəkləri məkanın yaradılmasıdır.

Diskurs.az maraq kəsb edən məsələlərə dair materialları həm yerləşdirməyə, həm də onları qiymətləndirməyə və şərhlər əlavə etməyə, habelə sosial şəbəkələrdə paylaşmağa imkan verir.

Virtual iqtisadi forumda iqtisadi proseslərin ekspert icmalı təqdim ediləcək müxtəlif iqtisadi məsələlərə aid müvafiq ekspertlərin rəy və təklifləri dərc olunacaq, eyni zamanda istifadəçilərə öz maraq dairələrinə uyğun əlavə rubrikalar yaratmaq imkanı da veriləcək.

İstifadəçilər və iştirakçılar Azərbaycanda elə bir unikal intellektual meydançanın iştirakçılarına çevriləcəklər ki, orada iqtisadiyyatın və biznesin aktual məsələlərini ölkənin aparıcı iqtisadçı alimləri ilə və müxtəlif sahələrin mütəxəssisləri ilə birbaşa müzakirə edə biləcəklər.

Forum debatlar aparmağa imkan yaradan bir platforma rolunu da oynayacaq. Burada mutəxəssislər müxtəlif iqtisadi məsələlərə dair müzakirələr apararaq müştərək təkliflər formalaşdıra biləcəklər. Debatlarda müəyyən mövqeyi qəbul edərək və debatların təşəbbüsçüləri və əsas iştirakçıları ilə ümumi nəticə əldə etməyə maraqlı olan müxtəlif iqtisadi məktəbləri, habelə müstəqil iştirakçıları dəvət edilə bilərlər.

Elektron forum həmçinin iqtisadçılar ilə daimi əks əlaqə üçün vasitə rolunu oynayacaq və saytın istifadəçiləri arasında istər Azərbaycanın, istərsə də xarici ölkələrin vətəndaşları arasında müxtəlif mövzulara aid sorğular keçirməyə imkan verəcək.

Diskurs.az virtual iqtisadi foruma uğurlar arzu edirik və iqtisadçıları öz fikir və təkliflərilə forumda fəal iştiraka dəvət edirik.