Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 1.9479, TRY 0.3020, RUB 0.0259, CNY 0.2451, GEL 0.6308, GBP 2.2135, IRR 0.0040, JPY 1.5131, XAU 2086.5970, XAG 24.8452, XPT 1411.3910, XPD 1835.2095
Əliağa Qasımov — Universitet-Sənaye əməkdaşlığı: mövcud problemlər və çağdaş çağırışlar
Суббота Апрель 2nd, 2016
13
Dictionary definition of KnowledgeDictionary definition of Knowledge

Universitet-Sənaye əməkdaşlığı: mövcud problemlər və çağdaş çağırışlar

Milli İnnovasiya Sisteminin inkişafını təmin edən əsas amillərdən biri universitet-sənaye əməkdaşlığının formalaşması və genişləndirilməsidir. Bu sahədə müxtəlif nəzəriyyələr mövcuddur. Həmin nəzəriyyələrin xülasəsi olaraq qeyd etmək olar ki, universitet-sənaye əlaqələrinin inkişafının əsas inkişaf amili bu iki təşkilat arasında əlaqələrin onların maraqları əsasında qurulması və buna dövlətin lazımi dəstək göstərməsidir.
Son illərin statistik rəqəmlərinə nəzər yetirdikdə aydın olur ki, ölkəmizdə tədqiqat və işləmənin ÜDM-də payı göstəricisinə görə inkişaf etmiş ölkələr, Şərqi Avropa, bir sıra başqa inkişaf etməkdə olan olkələr və hətta MDB-ə daxil olan ölkələrin əksəriyyətindən aşağıdır. Lakin burada diqqət çəkən başqa əsas məsələ ondan ibarətdir ki, bu göstəricinin strukturuna nəzər yetirdikdə tədqiqat və işləmə xərclərinin sektorlar üzrə bölgüsündə dünya ölkələrinin əksəriyyətində biznes sektorunun böyük paya (ümumi rəqəmdə 60-70%) sahib olmasına baxmayaraq, ölkəmizdə əksinə biznes sektorunun payı çox az, dövlət sektorunun payı isə yüksəkdir. Bu da ölkəmizdə elmi tədqiqatlara biznes sektorunun lazımi diqqət göstərmədiyinə bir misaldır. Bundan əlavə qeyd etmək lazımdır ki, ölkəmiz son ildə Qlobal Rəqabətqabiliyyətlilik indeksində 140 ölkə içərisində 40-cı olmasına baxmayaraq, elmi tədqiqat institutlarının keyfiyyətinə görə 89-cu və universitet-sənaye əməkdaşlığında isə daha aşağı 103-cüdür. Qeyd edilənlər ölkəmizdə bu iki təşkilat arasında əlaqələrin çox zəif olduğunu sübuta yetirir.
Bir sıra mütəxəssislərin fikirlərinə görə ölkədə universitet-sənaye əlaqələrinin inkişafına maneələrdən biri elmi tədqiqatların keyfiyyətinin azlığıdır. Lakin qeyd etmək lazımdır ki, beynəlxalq səviyyəli mütəxəssislərin bildirdiklərinə görə elmi tədqiqatların keyfiyyətinin artırılmasına bir sıra amillər təsir edir. Həmin amillərdən ən əsası əldə olunan nəticələrin kommersiyalaşdırılmasıdır. Tədqiqat müəssisələrində əldə olunan nəticələrin kommersiyalaşdırma amilləri aşağıdakılardan ibarətdir:
— Yüksək səviyyəli tədqiqat
Yüksək səviyyəli tədqiqat innovasiyanı stimullaşdırır. Bu fəaliyyət bacarıqlı insanlar tərəfindən həyata keçirilir və beynəlxalq əlaqələr yaradır. Bu fəaliyyət nəticəsində biznes fəaliyyəti üçün yeni ideyalar yaradılır.
— Tədqiqatların məqsədli olması
Bir sıra ölkələrdə (Almaniya, Böyük Britaniya, Yeni Zelandiya, Kanada və Danimarka) tədqiqatlar mövcud və gələcək, habelə milli əhəmiyyəti olan sahələr üzrə aparılır. Demək olar ki, bütün İƏİT-ə üzv olan ölkələrdə uzunmüddətli milli elm və tədqiqat investisiya siyasəti yürüdülür. Avropa Birliyi ölkələrində milli texnologiyanın gücləndirilməsi məqsədilə strateji tədqiqat prioritetlərinə böyük maliyyə vəsaiti ayrılır. Həmin ölkələr tədqiqatın hədəflərini seçərkən ehtiyac duyulan texnologiyaların tapılması sahəsində sənaye müəssisələri ilə danışıqlar aparılması kimi müxtəlif kritetiyalardan istifadə edirlər.
— Tədqiqat və sənaye müəssisələri arasında əməkdaşlıq
Tədqiqat və sənaye sektoru arasında əməkdaşlıq innovasiya üçün əhəmiyyətli rola malikdir. Beynəlxalq araşdırmalara əsasən innovasiya tədqiqatçıların və sənaye müəssisələrinin məkan baxımından bir yerdə fəaliyəti nəticəsində daha da inkişaf edir. Bir sıra ölkələrdə, xüsusilə də Avstraliyada tədqiqat və sənaye müəssisələri arasında əlaqənin yaradılmasında vasitəçilər önəmli rol oynayırlar. Bu vasitəçilər universitetlər, dövlət tədqiqat mərkəzləri və başqa təşkilatlar tərəfindən yaradıla bilər və onların əsas fəaliyyəti kommersiyalaşdırma imkanları olan eksperimental məsələlərin müəyyənləşdirilməsidir.

Universitet sənaye əməkdaşlıq modelləri
Avropanın bir sıra universitetlərində keçirilmiş araşdırmaların nəticəsinə əsasən universitet-sənaye arasında müxtəlif növ əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıqlar universitetlərin fəaliyyət sahələrini (tədris, elm, xidmət) əhatə edərək aşağıdakılardan ibarətdir: tədris planlarının işlənməsi, həyat boyu öyrənmə, tələbələrin mobilliyi, təhsil işçilərinin mobilliyi, tədqiqat və işləmə nəticələrinin kommersiyalaşdırılması, tədqiqat və işləmə sahəsində əməkdaşlıq, sahibkarlıq və idarəetmə. Bu əməkdaşlıqlar birbaşa şəkildə universitetlərin missiyası və sənaye müəssisələrinin ehtiyacları ilə əlaqədardır.
Universitet-sənaye əməkdaşlığının maneələri
Aparılmış tədqiqatlara əsasən dünya ölkələrinin əksəriyyətində universitet-səneyə əməkdaşlığının inkişafında bir sıra maneələr mövcuddur və həmin maneələrə nəzər yetirdikdə onların Azərbaycanda da mövcud olduğu nəzərə çarpır.
— İnnovasiya maneələri
Firmaların innovasiya problemləri barəsində aparılmış tədqiqatlardan aydın olur ki, onların əsas maneələri – xərc məhdudiyyəti, risk məhdudiyyəti və təşkilati imkanlardır.
— Mövzunun seçilməsində fikir ayrılığı
Firmalar ilə universitetlər arasında özünəməxsus uyğunsuzluq mövcuddur. Bu da universitetlərin əsasən baza tədqiqatlarına əsaslanması və firmaların isə əldə olunmuş nəticələrin kommersiyalaşdırılması sürətinə daha çox diqqət göstərməsindən yaranır. Əməkdaşlıqlar müəyyən xərc tələb edir, nəticələr orta və uzunmüddətdə öz təsirini göstərir. Lakin firmalar qısamüddətli hazırkı biznes mühitini əhatə edən nəticələrə maraqlıdırlar.
— Prioritetlər
Hər bir tərəf müqabilin fərqli fəaliyyətlər əsasında müxtəlif prioritetləri vardır. Tədqiqatçılar çox vaxt biliyin ötürülməsinə üstünlük verirlər, lakin firmalar istehsal formatında çıxışa, yəni son məhsula istiqamətlənirlər. Reputatsiyalarının artması məqsədilə baza sahəsində nəşr olunan elmi əsərlərinin sayının çoxaldılması tədqiqatçıların üstünlük verdikləri məsələlərdəndir. Lakin firmalar tətbiqi sahələrdə tədqiqatın olmasında maraqlıdırlar. Firmalar rəqabət üstünlüklərini saxlamaq məqsədilə universitetlər ilə əməkdaşlıq edirlər. Onlar özlərinin özəl biliklərinin gizli saxlanılmasını istəyirlər və nəşr olunmasının əleyhinədirlər.

Universitet və sənaye əməkdaşlığının motivasiyaları
Universitet və sənaye əməkdaşlığının müvəffəqiyyəti hər bir tərəf müqabilinin missiya və motivasiyasının ehtiyaclarını ödəməyindən asılıdır.
Universitetlərin sənaye ilə əməkdaşlığının motivasiyaları:
— Universitetlərdə sahibkarlıq mədəniyyətinin yaradılması;
— Məzunlar üçün əmək bazarına inteqrasiya;
— Praktiki biliyin əldə edilməsi;
— Universitetlərə royalti ödənişlər;
— Sənaye ilə daha sıx əməkdaşlığına görə yüksək dövlət maliyyələşməsi əldə etməsi;
— Firmanın bilik ehtiyatlarının əldə edilməsi;
— Sənaye ilə əlaqədar informasiyaların (statistik rəqəmlərin) əldə edilməsi;
— Tədris və təlim məqsədilə yeni ideyaların formalaşması;
— İxtisaslı işçi heyətin işlə təmin edilməsi;
— Bilik yaradılması və istifadəsi şəbəkəsinə çıxış imkanının əldə edilməsi;
— Yenilənmiş texniki biliyin əldə eidlməsi;
— Universitet üçün büdcə məhdudiyyətinin artırılması.

Sənaye müəssisələrinin universitet ilə əməkdaşlığının motivasiyaları:
— Əqli mülkiyyət hüququ haqqında səmərəli institutsional siyasət;
— Universitetlərin təchiz olunmuş fakultələrinə asan çıxış imkanlarının əldə edilməsi;
— Universitetlər ilə əməkdaşlığına görə yüksək dövlət maliyyələşməsinin əldə edilməsi;
— Universitetlərdən yüksək ixtisaslı işçi heyətin işlə təmin edilməsi;
— Universitetlər ilə əməkdaşlığına görə vergi güzəştlərinin əldə edilməsi;
— Mövcud məhsulun təkmilləşdirilməsi ilə əlaqədar tədqiqatın sürətləndirilməsi və gücləndirilməsi;
— Cəmiyyətdə şirkətin ictimai təsvirinin möhkəmləndirilməsi;
— Rəqabət üstünlüyünü artıran yeni texnologiyaların və proseslərin əldə edilməsi;
— Satışların və mənfəətin artırılması;
— İşçi heyətin keyfiyyət səviyyəsinin artırılması;
— Istedadlı tələbələrin işə götürmək imkanlarının əldə edilməsi;
— Tədqiqat və işləmə sahəsində şirkətin ümumi məlumatlılığın və bacarıqlarının artması;
— Şirkətdə innovasiya mədəniyyətinin yaradılması.

Nəticə və təkliflər
Bir çox dünya ölkələrində universitet-sənaye əməkdaşlığının mövcud durumu və inkişaf istiqamətləri tədqiq edilərək Azərbaycana uyğun bir model hazırlanmışdır. Müəyyən edilmişdir ki, universitet-sənaye əlaqələrinin formalaşması və inkişafı məqsədilə ölkəmizdə və universitetimizdə bir çox işlər görülmüşdür. Lakin ölkəmizdə elmi tədqiqatların keyfiyyətinin artırılması, təhsilin keyfiyyətinin gücləndirilməsi, ikitərəfli əlaqələrin inkişafı nəticəsində əldə olunan nəticələrin biznesdə tətbiqi ilə ölkədə iqtisadi artımın əldə olunması və həmin praktiki nəticələrə əsaslanan məqalələrin dünyanın nüfuzlu jurnallarında çap edilməsilə universitetin reytinqinin artması, habelə cəmiyyətdə praktiki təcrübəyə malik müəllim və tələbələrə sahib universitetin nüfuzunun güclənməsi məqsədilə bir sıra işlərin görülməsi tövsiyə edilir. Həmin tövsiyələrin bir hissəsi dövlət tərəfindən, bir hissəsi isə universitet tərəfindən həyata keçirilməlidir:
Dövlət tərəfindən həyata keçirilməli tədbirlər:
1. Aparılmış araşdırmalardan müəyyən olunmuşdur ki, dünya ölkələrində universitet ilə sənaye arasında əlaqələrin inkişafına maneələrdən biri sənaye müəssisələrinin tədqiqat və işləmə sahəsində mümkün tərəf müqabilinin tapılmasında çətinliklərlə qarşılaşmalarıdır. Bu problemin həll edilməsi üçün bir sıra inkişaf etmiş ölkələrdə dövlət tərəfindən universitetlərin şəbəkəsi yaradılmış və dövlət tərəfindən idarə olunur. Universitetlərin şəbəkəsi dedikdə ölkədə mövcud olan hər bir universitetin bütün sənaye-universitet əlaqələrini əhatə edə bilən sahələr üzrə koordinasiyası məqsədilə müvafiq onlayn platformanın yaradılması nəzərdə tutulur. Belə bir onlayn platformanın aşağıdakı vəzifələri müəyyənləşdirilməlidir:
— Ölkədə mövcud olan bütün universitetlər arasında universitet-sənaye əməkdaşlıqları sahəsində razılıq əldə edilməli;
— Ölkədə olan hər bir universitetin sənaye ilə əlaqələrini koordinasiya edən portalın yaradılması (portal informasiya xarakterli olmalı, buradan hər bir universitetə giriş imkanları nəzərdə tutulmalı, hər bir universitetin sənaye ilə əməkdaşlıqlarını əhatə edən informasiyalar yer almalı);
— Hər bir universitetdə universitet-sənaye əməkdaşlıqlarının inkişafı ilə əlaqədar fəaliyyət göstərən şöbələrlə sıx əməkdaşlıq edilərək makro səviyyədə ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə müvafiq birgə siyasət yürüdülməli və s.
2. Universitetlərin maliyyələşdirilməsində tələblərin sayı və s. kimi amillərlə yanaşı universitetlərin sənaye ilə əməkdaşlığı faktoru nəzərə alına bilər. Belə ki, hazırki dövrdə universitetlər bir sıra göstəricilərə əsasən dövlətdən maliyyələşirlər. Bu göstəricilərə sənaye ilə əməkdaşlıq səviyyəsini də daxil etmək olar.
3. Innovasiya vauçeri universitet-sənaye əməkdaşlığını gücləndirmək üçün istifadə edilə bilən münasib vasitədir və Niderland, İrlandiya və Böyük Britaniya kimi ölkələrdə müvaffəqiyyətlə sınaqdan keçirilmişdir. Innovasiya vauçerləri dövlətin firmalara (əsasən kiçik və orta müəssisələrə) universitetlərdən və dövlət tədqiqat mərkəzlərindən xidmətlərin alınması üçün kiçik kredit xətlərinin açılmasıdır.
4. Sənaye müəssisələrinə universitet ilə əməkdaşlığına görə vergi güzəştlərinin tətbiqi.
5. Universitet işçilərinin sənaye ilə əməkdaşlığını əhatə edən mükafat sisteminin tətbiqi.

Universitet tərəfindən həyata keçirilməli tədbirlər:
1. Sənaye ilə əlaqələr şöbəsinin yaradılması
Universitetlərin əsas missiyaları tədris və elm olduğundan universitet daxilində belə bir şöbənin yaradılmasının əsas məqsədi universitetin missiyalarına uyğun müvafiq sənaye müəssisələri və dövlət orqanları ilə qarşılıqlı əlaqələrin yaradılmasıdır. Bu şöbənin əsas fəaliyyətinin birincisi müvafiq sayt və yaxud da universitetin saytı çərçivəsində bütün funksiyaları əhatə edən linkin yaradılmasıdır. Bunun vasitəsilə hamının istənilən informasiyasını tez bir zamanda və sürətlə əldə etmə imkanını yaratmaq olar. Qeyd edilən şöbənin vəzifələri aşağıdakılardan ibarət ola bilər:
Tədris üzrə:
1. Tədris planlarının hazırlanması və təkmilləşdirilməsində sənaye müəssisələri və müvafiq dövlət orqanlarının nümayəndələrinin iştirakının təmin edilməsi. Belə növ əməkdaşlıq universitetlərdə mövcud tədris planlarının təkmilləşdirilməsi və yeni ixtisaslar üzrə tədris planlarının hazırlanmasını əhatə edir. Universitetlərin ölkədə populyarlığının və universitetlər içərisində reytinqinin artmasına təsir edən əsas amillərdən biri məzunların hansı sürətlə iş əldə etməsidir və bildiyimiz kimi məzunların tez bir zamanda ixtisaslarına uyğun iş əldə etmələri onların peşəkarlıq səviyyələri və ixtisaslarına uyğun bazarda tələbin olmasından asılıdır. Əmək bazarında hansı yeni ixtisaslara tələbin olduğunu, mövcud ixtisasların hansı tədris planları üzrə tədrisinin həyata keçirilməsi zəruriliyini əlaqədar sənaye müəssisələri və dövlət idarələrindən başqa heç kəs dəqiq müəyyənləşdirə bilməz. Bu səbəbdən də tədris planlarının hazırlanmasında və ixtisasların müəyyənləşdirilməsində mütləq sənaye ilə əməkdaşlıq aparılmalı və onların fikirləri əsas götürülməlidir.
2. Müəssisələrin işçi heyətinin təkmilləşdirilməsi təlimləri. Belə növ əməkdaşlıq bir sıra işçi heyətin peşəkarlığının artırılması, onların mövcud və gələcək biznes ehtiyaclarına uyğun olaraq ixtisaslarının təkmilləşdirilməsi məqsədilə tədris proqramlarının və kurslarının təşkilini əhatə edir.
3. Universitet müəllimlərinin sənayeyə və müəssisələrin rəhbər işçilərinin universitetlərdə tədrisə cəlb etmək məqsədilə müvafiq mexanizmin qurulması. Bura universitet əməkdaşlarının sənaye müəssisələrində ixtisaslarına uyğun müvafiq əlavə işlərlə təmin edilməsi və müəssisələrin bir sıra rəhbər şəxslərinin öz fəaliyyət istiqamətlərinə uyğun universitetdə tədris işlərinə cəlb edilməsi məqsədilə lazımi işlərin görülməsi aiddir. Müəllimlərin praktiki məsələlərdə yaxından iştirak edərək öz tədris və elmi fəaliyyətlərinin nəticələrinin artırılmasına səbəb olan və habelə onların qazanc baxımından əlavə gəlirlər əldə etməsinə şərait yaradan sənaye müəssisələrində məsləhətçi və s. vəzifələrdə iştirakını təmin etmək məqsədilə ehtiyacı olan sənaye müəssisələrini bu işə həvəsləndirmək üçün belə növ əməkdaşlıqdan istifadə etmək olar. Habelə tələbələrin təhsil almalarında fundamental elmlərlə yanaşı, praktiki məsələlərin dərindən yiyələnmələri üçün sənaye müəssisələrinin seçilmiş menecerlərinin tədris prosesinə cəlb edilməsi bu proqramın əhəmiyyəti hesab edilə bilər. Belə növ qarşılıqlı əlaqələr universitet-sənaye əməkdaşlığında mövcud olan maneələrin aradan qaldırılmasına mühüm töhfə verə bilər.

Elmi işlər üzrə:
1. Ölkədə mövcud və gələcək mikro (biznes müəssisələri) və makro (nazirliklər, dövlət idarələri və s.) səviyyədə real mövzuların müəyyənləşdirilməsi, onların həlli istiqamətində tədqiqatların aparılması məqsədilə müvafiq şöbələrin (universitet daxilində müvafiq kafedraların, elmi-tədqiqat institutunun, alimlərin) həmin mövzular üzrə tədqiqatlar aparmalarına cəlb edilməsi sahəsində lazımi işlərin görülməsi.
2. Sənaye müəssisələrinə və dövlət orqanlarına universitetin elmi potensialını tanıtmaq məqsədilə davamlı olaraq sənaye müəssisələri və dövlət orqanlarının mütləq iştirakı ilə dəyirmi masa, toplantı, konfrans və s. keçirilməsi.


  1. Hörmətli Əliağa m.,

    geniş həcmli və məzmunlu məqaləni bizimlə paylaşdığınız üçün sizə təşəkkürümüzü bildiririk.

    Etzkovich-in The Triple Helix Model of İnnovation adlı məqaləsi tanış olsanız mövzu ilə

    əlaqədar daha bitgin məlumatlar əldə edə bilərsiniz.

    — Yeni məqalələrinizi gözləyirik.

    P.S. Fikirlərinizi bir qədər yığcam ifadə etmənizdə fayda olacağını düşünürəm.

    Hörmətlə Sərdar m. Şabanov

  2. Hörmətli Sərdar müəllim.
    Dəyərli fikirlərinizə görə minnətdaram. Tədqiqatda üçyönlü spiral modeli araşdırılmışdı. Lakin məqalənin həcminin azalması məqsədilə burada yerləşdirməmişdim. Yalnız onun nəticələrindən istifadə etmişəm.
    Gələcək məqalələrdə, bildirdiyiniz kimi məqalənin həcminin daha da kiçik olmasına çalışacağam.
    Bir daha təşəkkürlər.
    Qasımov Əliağa

  3. Hörmətli Əliağa müəllim.
    Bir magistr tələbəsi olaraq Universitet-sənaye əməkdaşlığı haqqında olan məqalənizi və tədqiqatda yer alan məsələləri böyük maraqla oxudum. İnnovativ sistemdə önəmli yeri olan universitet-sənaye əməkdaşlığının modelləri, nəticələr və təkliflər, tövsiyyələr, tədqiqat amilləri haqqında bilgi sahibi olmaqda bizə kömək etdiyiniz üçün təşəkkür edirəm.
    Yeni meqalələrinizi həvəslə gözləyirəm.

  4. Hörmətli Əliağa müəllim mən sizin Universitet-Sənaye əməkdaşlığı məqalənizi oxudum və burda toxunduğunuz məsələlər məni tam qane etdi buna gorə sizə öz təşəkkürümü bildirirəm.Sizin bu məqaləniz yeni təlim texnologiyaların təhsilə tətbiqinin ən müasir yollarını araşdırır, təhsildə geriliyin səbələrini üzə çıxarır və təhsilin keyfiyyətini idarə etməyin vacibliyini vurğulayır.Buna görədə sizə minnətdaram və yeni məqalələrinizi gözləyirəm.

  5. Əliağa müəllim məqalənizi tam şəkildə oxudum və fikirlərinizi aydın şəkildə bizə ifadə etdiyiniz üçün sizə təşəkkur edirəm.cox istəyərdimki bu cür məqalələri tez-tez paylaşasınız.

  6. Hörmetli Eliağa müellim. Bir MBA magistrı olaraq Universitet-Senaye Emekdaşlığı haqqında yazdığınız meqaleni ve apardığınız tedqiqatda toxunduğunuz mühüm meseleleri nezerden keçirdim. Men de bir telebe kimi elbette ki, yüksek seviyyeli elmi tedqiqatların aparılmasını, ölkemizin sayılıb-seçilen şirket ve müessiselerinin universitetlerde emek yarmarkaları teşkil edib telebelere gelecek karyerasını qurmaqlarında yardımçı olmasını ve ölkemizin bu sahede sonuncu deyil mehz ilk sıralarda olmasını isteyerdim. Size ise bu tecrübelerinizi bizimle bölüşdüyünüze göre derin minnetdarlığımı bildirirem.Ve yeni meqalelerinizi tezlikle gözleyirem☺

  7. Hörmətli Əliağa müəllim,
    Məqalənizdə aktual və önəmli mövzuya toxunduğunuz, apardığınız tədqiqat və təcrübənizi bölüşdüyünüz üçün minnətdarlığımı bildirirəm. Universitetlərin sənaye ilə əməkdaşlığı tələbənin ixtisasını dərindən mənimsəməsinə və təcrübəli kadr kimi yetişməsinə şərait yaradacaqdır. Qeyd etdiyiniz universitet sənaye əməkdaşlıq modelləri imkan verirki, hər iki tərəf qarşılıqlı fayda əldə edə bilsin. Tanınmış və uğurlu fəaliyyəti ilə seçilən sənaye müəssisələrində təcrübə qazanmaqla tələbə, həmin müəssisə üçün ehtiyat kadra çevrilir. Hətta təklif edərdim ki, məktəblərin sənaye ilə əməkdaşlığı məsələsi ictimailəşdirilsin. Bu əməkdaşlıq şagirdlərə müəssisələrin fəaliyyətini, imkanlarını və risklərini tədqiq etməklə məqsədli ixtisas seçimi etməyə kömək edəcək.
    Diqqətinizə görə təşəkkür edirəm, yeni məqalələrinizi maraqla gözləyirəm.

  8. Hörmetli Əliağa müəllim !
    Bu cür maraqlı mövzuya toxunduğunuz üçün ilk əvvəl Sizə öz minnetdarliğımı bildirirəm.Bir MBA tələbəsi kimi qeyd etmət istərdim ki , Universitet-Sənaye əməkdaşlığı məqalənizdə bu problem tam olaraq Universitetin ve ya Dövlətin üzərinə atmaq olmaz.İnnovativ sistemdə önəmli yeri ölkədə olan sənaye tipli şirkət və müəssisələrin də payına düşür.Mənim fikrimcə onların səyi nəticəsində (məs:innovatic əmək yarmarkaları yaratmaqla tələbələri bu sahədə həvəsəndirmək)əminəm ki,həm tələbələr üçün həvəsləndirici tədqiqat iş yerləri açılar,həm də praktiki yeni nailiyyətlər əldə etmiş olarlar.Bununla həm şirkət əvvəlcədən özünə hazır bir kadr yetişdirmiş olar,həm də tələbələr üçün praktiki həyatında yeni irəliləyişlər əldə olunar.
    Bu problemlərə toxunduğunuz üçün Sizə dərin təşəkkürümü bildirirəm və yeni məqalələrinizi tezliklə gözləyirəm.

  9. Hörmətli Əliağa müəllim, MBA magistri olaraq Universitet-sənaye
    əməkdaşlığı haqqında məqalənizi oxudum və bəyəndim.
    Məqalənizdə qeyd etdikleriniz təhsildəki geriliyin səbəblərini, eyni zamanda
    tələblərin gələcək karyeralarını qurmaq üçün əngəlləri araşdıraraq gələcəkdə
    həmin problemlerin aradan qaldırılmasina nail olmağın yollarını çox dəqiqliklə qeyd
    etmisiniz. Bu məqalənizi bizimle paylaşdığınız üçün təşəkkür edirəm.

  10. Çox hörmətli magistrantlar.
    Dəyərli fikirlərinizə görə hamınıza minnətdaram. Ümid edirəm ki, sizin kimi magistrlərin sayəsində ölkəmizdə universitet-sənayə əlaqələri daha güclənəcəkdir və bu da öz növbəsində iqtisadi artımın sürətini daha da artıracaqdır.

  11. Hörmətli Əliağa müəllım MBA magistr 2ci kurs tələbəsi olaraq məqaləniz çox maraqlı,lazımlı məlumat oldu.Yeni belə dəyərli məqalələrin olması diləyilə

  12. Hörmətli Əliağa müəllim, məqalənizi oxudum ve MBA magistri olaraq bu məqalənizdə aktual problemlərdən biri olan Universitet-Sənaye əməkdaşlığı problemlərini vurğuladığınız üçün sizə öz təşəkkürümü bildirirəm. Həmçinin qeyd etdiyiniz tövsiyələri də maraqla oxuyaraq bəyəndiyimi bildirmək istiyirem. Yeni məqalələrinizi həvəslə gözləyirəm

  13. Hörmətli Əliağa müəllim

    İlk öncə yazdığınız məqalə üçün təşəkkürlər.Məqaləni başlığından sonuna qədər həvəslə oxudum və bir tələbə kimi düşünürəm ki,Universitet Sənaye əlaqələrinin inkişafı mənim və tələbə yoldaşlarım üçün çox önəmlidir.Sizin yazdığınız məqalədə qeyd olunan nüanslardan istifadə edilərsə,mühüm nəaliyyətlər əldə oluna bilər. Bu gün Universitetdə bizə hər bir məlumat nəzəri olaraq öyrədilir,amma nəqədər dərsi qavrasaq və nə qədər əlavə məlumatlara sahib olsaqda professional kadr olmaq üçün bu məlumatlar tam kömək etmir. Bu gün üçün ən aktual məsələlərdən biri bu məqaləni həyata keçirmək və tələbələrin inkişafına şərait yaratmaqdır.Bu məqalənin ilk öncə bizim universitetimizdə(Azərbaycan Dövlət İqtisad Universiteti) həyatə keçirilməsini və yeni məqalələrinizi həvəslə gözləyirəm.Uğurlar

    Hörmətlə:Şəmistan Qəhrəmanov «Maliyyə 642»

Оставьте ответ

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Перейти к верхней панели